DVB-T standartlı rəqəmli televiziya yayımı haqqında məlumat
DVB-T dilimizə Yerüstü (Terrestrial) Rəqəmli (Digital) Video (Video) Yayım (Broadcasting) kimi tərcümə olunur. DVB-T (rəqəmli televiziya) standartı aşağıdakı üstünlüklərə malikdir.
– Təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti yüksəlir. (ötürülmədə kənar maneələr hiss olunmur, informasiyaların saxlanılmasında itki olmur və s.)
– Proqramların sayının xeyli artırılması imkanı.
– Vericilərin gücünün daha aşağı olması. (DVB-T)
– Mobil və portativ qəbuledicilərlə qəbul imkanı. (DVB-T)
– Tezlik spektrindən effektiv istifadə (1 TV kanalında 10-12 TV proqram).
– Birtezlikli yayımın tətbiq edilmə imkanı. (DVB-T)
– Lokal TV proqramlarının təşkilinin mümkünlüyü (DVB-T)
– TV proqramları ilə yanaşı əlavə xidmətlər üzrə məlumatların ötürülmə imkanı (hava haqqında, nəqliyyatın hərəkət cədvəli, reklamlar və s.)
– Rəqəmli TV yayım şəbəkəsinin interaktivlik imkanı, İnternetlə bağlantı, abunəçi girişi üçün kodlama sisteminin imkanlığı.
– Yayımın kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması.
– Yerüstü TV yayımın təşkili üçün mövcud infrastrukturdan (TV stansiyalardan, qəbuledici antenalardan, abunəçi avadanlığından və s.) istifadə imkanı.
– Yayım konfiqurasiyasının operativ dəyişdirilmə imkanı (FEC, Müdafiə zolağı, 8k və 2k rejimləri və s.)
– Bu və ya digər tədbirlərin köməyi ilə ötürülən informasiya 3dəfədən 100 dəfəyədək sıxlaşdırılır.
Respublikada DVB-T standartlı rəqəmli televiziya yayımına keçid
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2011-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı”-nın həyata keçirilməsi ilə əlaqədar Respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən (10-12 proqram) ibarət DVB-T rəqəmli televiziya yayımının təşkilinə dair RİTN-in 22.07.2011-ci il tarixli, 27 saylı Tədbirlər Planının bəndlərinin icrası üzrə rəqəmli şəbəkə ölkə ərazisində 2011-ci ildə qurularaq istismara verilmişdir. Bununla bağlı TELERADİO İB tərəfindən aşağıdakı işlər görülmüşdür:
Bakı–Lerik istiqamətində 140 Mbit/s-lik tutumlu rəqəmli RRX şəbəkəsi istismara verilmişdir. Şirvan–Sabirabad–Kürdəmir–Ağsu analoq magistral RRX xəttinin rekonstruksiyası həyata keçirilmişdir. Şirvan–Sabirabad–Kürdəmir–Ağsu istiqamətində 150 Mbit/s-lik rəqəmli RRX-ya keçid başa çatdırılmışdır. DVB-T yayımı üçün ayrılmış kanallarda “Sosial açıq paketin (10) kanal yayımının təşkili üçün rəqəmli TV vericilərin və əlavə avadanlıqların quraşdırılmasına dair” iş qrafikinə uyğun olaraq nəzərdə tutulan bütün məntəqələrdə yeni vericilərin quraşdırılması təmin olunmuşdur. Ümumilikdə Respublika ərazisində 31 ədəd DVB-T vericisi quraşdırılıb istismara verilmişdir.
2012-ci ilin sonunadək analoq TV yayımın dayandırılması və Azərbaycan Respublikası ərazisinin əhali yaşayan ərazilərini tam rəqəmli televiziya yayımı ilə təmin edilməsi məqsədilə, əlavə TV vericilərin ölkə ərazisində quraşdırılaraq istismara verilməsi üçün işlər davam etdirilir.
Respublika ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi üzrə aparılan statistik məlumatlara əsasən, hazırda əhalinin yalnız 20-25 faizi rəqəmli yayım xidmətlərindən istifadə edə bilirlər. Bu istiqamətdə işlərin sürətləndirilməsi məqsədi ilə aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür. Son bir neçə ay ərzində ölkəyə gətirilən DVB-T qəbuledicilərinin və DVB-T, MPEG-4 standartını dəstəkləyən televizorların həcmi xeyli artmışdır. Eyni zamanda, dövlət proqramına uyğun olaraq, ölkədə DVB-T qəbuledicilərinin istehsalına başlanılmışdır. Hazırda DVB-T şəbəkəsinə uyğun texniki göstəricilərə malik DVB-T qəbulediciləri (Set-top-box) Müdafiə Sənayesi Nazirliyinin Peyk zavodu və “Kür” MMC tərəfindən istehsal olunur. Keçidin sürətləndirilməsi məqsədi ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) müraciətinə əsasən, ölkə ərazisində DVB-T qəbuledici qurğularının güzəştli şərtlərlə aztəminatlı ailələrə verilməsi üzrə işlər aparılır.
Bu il Bakı şəhərində keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan Respublikasında ilk dəfə olaraq paytaxtda və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılması ilə tam rəqəmli TV yayımının tətbiq edilməsi planlaşdırılır. “Eurovision-2012” müsabiqəsi zamanı yüksək keyfiyyətli HD TV yayımı həyata keçirilməsi nəzərdə tutulmuşdur. HD yayım üçün Amerika istehsalı olan “Harmonic” HD koderlerindən istifadə olunacaqdır ki, bu da HD yayımın İP şəbəkəsi üzərindən digər kabel operatorlarına da ötürülməsinə imkan yaradacaqdır.
Rəqəmli yayımın əhatə dairələri, baş stansiyalar və qəbul ərazilərin əks olunduğu Azərbaycan respublikasının xəritəsi aşağıda təqdim olunub.
|